Jurnalist məhkəməyə etiraz olaraq qolunu kəsib və karserə salınıb
Dekabrın 22‑də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Meydan TV işi” üzrə həbs olunan 12 jurnalistin məhkəmə prosesi keçirilib.
“Meydan TV işi” üzrə qaçaqmalçılıqda ittiham olunan jurnalistlərdən biri Nurlan Libre (Qəhrəmanlı) məhkəmədə Avropa Parlamentinin qəbul etdiyi qətnamənin icrasını tələb edib, “Qətnaməni icra et, mətbuatı azad et!” deyə şüar səsləndirərək, etiraz olaraq məhkəmə zalında ülgüclə qoluna kəsiklər atıb.
Jurnalist bildirir ki, bu etirazına görə cəzalandırılıb. Məhkəmədən təcridxanaya qaytarılarkən zorakılığa məruz qalıb, daha sonra 2 gün karserdə saxlanılıb.
Avropa Parlamenti 19 dekabr 2024-cü il tarixli qətnaməsində Azərbaycanda müstəqil media və jurnalistlərə qarşı repressiyaların dayandırılmasını tələb edib. Qətnamədə siyasi motivlərlə həbs olunan jurnalistlərin dərhal azad edilməsinə çağırış yer alıb və ölkədə media azadlığının qorunmasının vacibliyi vurğulanıb.
