DünyaSiyasət

İsrail terrorçuluqda ittiham olunan fələstinlilərin edamını nəzərdə tutan qanunu qəbul etdi

İsrail parlamenti – Knesset terror ittihamı ilə məhkum edilən şəxslərə ölüm cəzasının tətbiqini nəzərdə tutan qanunu qəbul edib. Bu barədə martın 30-da “Yediot Ahronot” nəşri məlumat yayıb.

Məlumata görə, qanun layihəsi üçüncü oxunuşda 62 deputatın dəstəyi ilə qəbul olunub, 48 deputat isə əleyhinə səs verib. Sənədin müzakirəsi parlamentdə təxminən 12 saat davam edib.

Qanun layihəsini milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi ultra-sağçı “Otsma Yehudit” partiyası hazırlayıb. Baş nazir Benyamin Netanyahu da təşəbbüsü dəstəkləyib.

“The Jerusalem Post” yazır ki, qanuna əsasən, terror aktı zamanı qəsdən adam öldürən şəxslər ölüm cəzasına məhkum ediləcək. Hökmün icrası asılma yolu ilə həyata keçiriləcək və qərarın çıxarıldığı gündən etibarən 90 gün ərzində icra olunmalıdır.

Eyni zamanda, sənəd hakimə seçim imkanı verir: o, ölüm cəzası ilə ömürlük həbs arasında qərar verə bilər. Qanunun ilkin versiyasında isə yalnız ölüm hökmü nəzərdə tutulurdu.

Qanuna görə, İordan çayının qərb sahilində hərbi məhkəmələrin terror ittihamı ilə mühakimə etdiyi şəxslərə yalnız ölüm cəzası veriləcək.

“The Times of Israel” qeyd edir ki, qanun faktiki olaraq ölüm cəzasının, əsasən, fələstinlilərə tətbiq olunmasına gətirib çıxarır. Çünki sənəd İsrail vətəndaşları və ya rezidentlərini açıq şəkildə əhatə etmir.

Qanunda ayrıca müddəa da var ki, nəzəri olaraq istənilən şəxsə, o cümlədən İsrail vətəndaşlarına qarşı da ölüm hökmü çıxarıla bilər. Lakin bu, yalnız “İsrail dövlətinin mövcudluğunu inkar etmək məqsədilə qəsdən adam öldürmə” halında mümkündür. “The Times of Israel” hesab edir ki, bu tərif israilli şəxslərin ölüm cəzasına məhkum edilməsini faktiki olaraq istisna edir.

Knessetin deputatı Gilad Kariv bildirib ki, o, qanunun ləğvi üçün Ali Məhkəməyə müraciət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir