İlham Əliyev sosial şəbəkələrdə “əxlaqsız ifadələr”dən istifadəyə görə həbs və cərimələri təsdiqlədi
Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Prezident dəyişikliyi yanvarın 26-da təsdiqləyib.
Bununla da internetdə və sosial şəbəkələrdə “ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə” cərimələr və inzibati həbs cəzası müəyyən edilib.
Dəyişikliklərə əsasən, sözügedən pozuntulara yol vermiş şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək və ya otuz günədək müddətə inzibati qaydada həbs olunacaq.
Pozuntunu bir il ərzində təkrar törədənlər isə min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək və ya bir aydan iki ayadək müddətə inzibati qaydada həbs olunacaq.
Müstəqil ekspertlər hesab edirlər ki, layihənin qəbulu sözügedən qanunun daha da sərtləşdirilməsinə gətirib çıxara bilər. Onların fikrincə, bəzi hallarda bu mexanizmlər süni şəkildə ifadə azadlığının məhdudlaşdırılması üçün istifadə oluna bilər.
