Ölkə

Daha bir hüquqşünas dələduzluqda ittiham olunaraq həbs edilib

Hüquqşünas Namizəd Səfərov həbs edilib. Dekabrın 10-da Xətai rayon Məhkəməsində bununla bağlı vəsatətə baxılıb.

Qərara əsasən, onun barəsində 4 ay müddətə həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir.

Həmin ittihamla şəxsə 10 ilə qədər həbs nəzərdə tutulur.

İttihama görə hüquqşünasdan ayrıca münasibət almaq mümkün olmayıb. Amma yaxınları ittihamı qurama və siyasi sayır.

Dekabrın 9-da hüquqşünas, Vəkillər Kollegiyasının keçmiş üzvü Namizəd Səfərov mülkigeyimli şəxslər saxlayıb naməlum istiqamətə aparmışdı. Bu barədə  onun yaxınları məlumat vermişdi.

N.Səfərov Vəkillər Kollegiyasından 2005-ci ildə çıxarılıb. O, bunu kollegiyanın rəhbərliyini tənqid etməsi ilə əsaslandırıb. Kollegiyadan isə həmin qərar qanunvericiliyin tələblərinin pozulması ilə izah edilmişdi.

N.Səfərov bir sıra müxalifət qüvvələrini birləşdirən Milli Şurasının da üzvü olub. Amma 2020-ci ildən oradan özü istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir