Həbsxanada işgəncə faktlarını ictimailəşdirən jurnalistlərə təzyiqlər edilib
“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər Aysel Ümüdova, Xəyalə Ağayeva və Aytac Tapdığın (Əhmədova) saxlandıqları Bakı İstintaq Təcridxanasında otaqlarının dəyişdirildiyi bildirilir. Bu barədə məlumatı “Meydan TV”nin jurnalistləri yayıb.
Onların sözlərinə görə, otaq dəyişikliyi qərarı jurnalistlərin təcridxanada şahid olduqları işgəncə hadisəsini ictimailəşdirməsindən sonra verilib.
Bildirilib ki, martın 23-də Bakı İstintaq Təcridxanasında ümumi rejim rəisi Vahid Atakişiyevin nəzarəti ilə iki kişi məhbusa qarşı zorakılıq tətbiq edildiyi barədə məlumat yayılıb. Hadisəyə şahid olan jurnalistlərin buna etiraz etdiyi, lakin təcridxana əməkdaşlarının onları təhqir etdiyi bildirilib.
Jurnalistlərin sözlərinə görə, hadisə ictimailəşdikdən sonra təcridxananın rəisi Elnur İsmayılov deyib ki, bundan sonra gəzinti sahəsinə baxan otaqlar kamera kimi istifadə olunmayacaq. Onlar hesab edirlər ki, bu qərar məhz gəzinti sahəsində baş verən zorakılığa etiraz etmələri ilə bağlıdır.
“Meydan TV işi” üzrə jurnalistlər – Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Bu ilin fevralında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre də həbs olunub. May ayında jurnalist Ülviyyə Əli (Quliyeva), avqustda isə foto-müxbir Əhməd Muxtar barəsində də həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Jurnalistlərə əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürüldüyü, daha sonra isə ittihamların ağırlaşdırıldığı qeyd olunur.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir və həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.
