Gültəkin Hacıbəyli: “Hazırda “xarici terrorçu” kimi Türkiyədən deportasiya edilməkdəyəm”
Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli hazırda Türkiyədəki Arnavutköy deportasiya mərkəzində saxlanıldığını təsdiqləyib.
O bildirib ki, noyabrın 29-da gecə saatlarında oğlu ilə birgə kirayə yaşadığı evə gəlmiş 4 polis əməkdaşı onu məcburi qaydada həmin mərkəzə aparıblar.
“Xatırladım ki, mən sentyabr ayının 25-də Türkiyədə təhsil alan oğlumun yanına gəlmişəm və Türkiyədə qalmaq üçün nəzərdə tutulan 3 aylıq müddət hələ bitməyib. Bundan əlavə, mənim ayrıca Türkiyədə qalmaq üçün 2 illik oturum iznim var. Və burada olduğum müddətdə heç bir qayda pozuntusuna yol verməmişəm”, – Gültəkin Hacıbəyli belə yazıb.
Siyasətçi qeyd edib ki, onu Türkiyədən Azərbaycana deportasiya etmək üçün hazırlıq işləri görülür.
“Hazırda məni Türkiyədən qanunsuz və əsassız şəkildə deportasiya edib Azərbaycana göndərməkdən ötrü barəmdə ictimai təhlükəsizliyə təhdid yaradan (“kamu güvenliğine tehlike yaratan”) xarici terrorçulara verilən G-82 maddəsi tətbiq edilərək burada saxlayırlar və Azərbaycana təhvil verilməm üçün hazırlıq işləri gedir”.
Gültəkin Hacıbəyli bildirib ki, məsələ ilə bağlı təcili qaydada artıq Avropa Məhkəməsinə müraciət edilib. Eyni zamanda, vəkili vasitəsilə ən qısa zamanda Türkiyədə məhkəməyə də müraciət ediləcək.
Siyasətçi qeyd edib ki, əgər onun deportasiyası həyata keçirilərsə, bu, Azərbaycan müxalifətinə qarşı bu gün həyata keçirilən repressiyalara Türkiyə hakimiyyəti tərəfindən dəstək anlamına gələcək. O vurğulayıb ki, Azərbaycana deportasiya ediləcəyi halda həbs olunacaq. Bu səbəbdən o, Türkiyə hakimiyyətini belə bir addım atmazdan öncə bir daha düşünməyə çağırıb.
Gültəkin Hacıbəyli, noyabrın 30-na keçən gecə İstanbulda kirayə yaşadığı evdən Taksim Polis Şöbəsinə aparılıb. Onun noyabrın 29-da Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə əlaqədar saxlanıldığı ehtimal edilir.
