DTX sədri Əli Nağıyevin ailə şirkəti 16 milyonluq tenderlər qazanıb
2026-cı il başlayandan etibarən mühafizə xidməti sahəsində fəaliyyət göstərən “GESCO” ASC bir neçə dövlət qurumunun keçirdiyi tenderlərin qalibi elan olunub. Şirkət əsasən Elm və Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və digər qurumlar tərəfindən keçirilən satınalmalarda qalib seçilib.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlara əsasən, keçirilmiş tenderlərin nəticələrinə görə, “GESCO” ASC-yə şəhər və rayonlarda mühafizə xidmətlərinin təşkili məqsədilə ümumilikdə 16 milyon 372 min 687 manat vəsait ayrılıb.
Məlumatlara görə, şirkət ötən il də müxtəlif dövlət qurumlarının elan etdiyi tenderlərdə qalib olub və 18 milyon manatdan çox dövlət sifarişi əldə edib.
Beləliklə, son iki ildə “GESCO” ASC-nin qazandığı dövlət tenderlərinin ümumi məbləği 34 milyon manatdan artıqdır.
Meydan TV-nin daha əvvəl dərc etdiyi araşdırmaya görə, mühafizə xidməti sahəsində tez-tez tender qalibi olan şirkət Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin oğlu İlham Nağıyevə məxsusdur.
Məsələ ilə bağlı adıçəkilən qurumların və şirkətin mövqeyini öyrənmək mümkün olmayıb.
