Ölkə

Bakıda lisey müəllimi şagird tərəfindən odlu silahla vurulub

Fevralın 6-da saat 9 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında bir müəllimənin odlu silahla vurulduğu bildirilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı 10-cu sinif şagirdi saxlanılıb.

Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək müəlliməyə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Məsələyə saxlanan şagirdin yaxınları və zərərçəkən tərəfdən münasibət almaq mümkün olmayıb.

Şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə tənəffüs zamanı baş verib. Bildirilir ki, güllə müəllimənin boyun nahiyəsinə dəyib.

TƏBİB-dən bildirilib ki, 1997-ci il təvəllüdlü şəxs Kliniki Tibbi Mərkəzə hospitalizasiya edib: “Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.

Hadisə ilə bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb.

Bundan əvvəl Azərbaycanda müəllimlərin şəxsi zəmində odlu silahdan öldürülməsi halı baş verib. Amma yaxın tarixdə hansısa şagirdin məktəbə gələrək odlu silahdan müəlliminə xəsarət yetirməsi kimi insident xatırlanmır.

Bununla belə, son illər Azərbaycanda yeniyetmələr arasında cinayətlərin artması ilə bağlı açıqlamalar var. Rəsmi məlumatlara görə, 2024-2025-ci tədris ilində məktəblilər tərəfindən və ya məktəblilərə qarşı 40-dan çox cinayət hadisəsi qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir