Bakıda LGBTQ+ fərdlərinə qarşı polis reydi keçirilib, 106 nəfər saxlanılıb
Bakının mərkəzində yerləşən bir kuir məkanda polis basqını həyata keçirilib. Yayılan məlumata görə, basqın zamanı 106 nəfər heç bir hüquqi əsas göstərilmədən saxlanılıb və 12–13 saat ərzində Nəsimi Rayon Polis İdarəsində tutulub.
Bildirilib ki, saxlanılan şəxslərə ailə üzvləri ilə əlaqə saxlamağa icazə verilməyib. Polis bölməsinə gələn valideynlərin isə təhqir və alçaldıcı rəftarla qarşılandığı iddia olunur. Eyni zamanda, saxlanılanların bir-birinə qarşı ifadə verməyə məcbur edildiyi qeyd edilir.
Deyilir ki, saxlanılan şəxslər soyuq şəraitdə, ac və susuz halda, qalın geyim olmadan saxlanılıb. Onların tualetdən istifadəsinə belə icazə verilmədiyi bildirilir.
LGBTQ+ icması bu hadisəni onlara qarşı uzun illərdir davam edən sistemli ayrı-seçkiliyin növbəti nümunəsi kimi qiymətləndirir. İcma Daxili İşlər Nazirliyini zorakılıq, alçaldıcı rəftar, əsassız saxlanılma, rüşvət və işgəncə iddiaları ilə bağlı təcili, müstəqil və şəffaf araşdırma aparmağa çağırıb.
Açıqlamada həmçinin vurğulanır ki, kuir icmasına qarşı bu cür “polis ovları”na son qoyulmalıdır.
Hazırda rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı açıqlama verilməyib.
