Dünyanın bir çox yerində, həmçinin Azərbaycanda bir çox saytlara girişdə məhdudiyyət yaranıb
Azərbaycanda bir çox hökumətyönlü saytlar çöküb
“Cloudflare” sistemində baş verən genişmiqyaslı nasazlıq nəticəsində dünyanın müxtəlif regionlarında çoxsaylı internet resurslarına girişdə problem yaranıb.
Şirkətin yaydığı açıqlamada deyilib ki, “Cloudflare” problemi araşdırır və əlavə məlumatlar daxil olduqca ictimaiyyətə təqdim ediləcək.
Bildirilib ki, bundan əvvəl “Cloudflare” tərəfindən planlı texniki xidmət işlərinin görüldüyü açıqlanmışdı.
Daha sonra isə şirkətin dəstək portalının provayderində nasazlıq yarandığı, bu səbəbdən istifadəçilərin dəstək müraciətlərinə baxarkən və cavablandırarkən xətalarla üzləşə biləcəyi bildirilib.
Yaranmış problemlə əlaqədar Azərbaycanda da xəbər saytlarına girişdə məhdudiyyət yaranıb.
Dövlət xəbər agentliyi “Azertac” daxil olmaqla, onlarla hökumətyönlü xəbər saytı işləmir. Məlumat verilib ki, “Cloudflare”in çökməsinin “AzStateNet” şəbəkəsinə və “GOV_AZ” zonası domenlərinə təsiri qeydə alınmayıb.
Lakin əksər hökumətyönlü saytların serverləri Azərbaycandan kənardakı xidmətlərə həvalə edildiyi üçün bir çoxu çöküb.
