Azərbaycan Serbiyada elektrik stansiyası tikəcək
Azərbaycan Serbiyanın Niş şəhərində 500 meqavatlıq qazla işləyən elektrik stansiyasının tikintisinə başlayacaq. Bu barədə fevralın 15-də Belqradda Azərbaycan və Serbiya prezidentlərinin görüşündən sonra məlumat verilib.
Stansiyanın tikintisi üzrə saziş prezident İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində imzalanıb. Layihənin dəyəri 600 milyon avro təşkil edir, istifadəyə verilməsi isə 2029-cu il üçün nəzərdə tutulub.
İlham Əliyev bildirib ki, bu stansiya Azərbaycanın Avropada ən böyük sərmayələrindən biri olacaq: “Bu məsələ üzərində prezident nəzarəti olacaq. Bu elektrik stansiyası və bununla bağlı proses Serbiyadakı investisiya mühiti sayəsində mümkün olub”.
Prezident qeyd edib ki, stansiyada Azərbaycan qazı elektrik enerjisinə çevriləcək: “Bu gün ixrac həcmlərini artırmağa razılaşdıq, qaz elektrikə çevriləcək. Daxili bazar üçün təmiz enerji istehsal ediləcək, Serbiya üçün ixrac imkanları da yaxın zamanda yaradılacaq”.
Serbiya prezidenti Aleksandar Vuçiç isə vurğulayıb ki, elektrik hasilatı üçün yeni mənbələrə ehtiyac var və o, bu işdə Əliyevdən şəxsən kömək istəyib.
Qeyd edək ki, Azərbaycan 2023-cü ilin sonunda Serbiyaya təbii qaz tədarükünə başlayıb və ötən il bu ölkənin ümumi qaz idxalının 8 faizini təşkil edib.
