Fəaliyyəti dayandırılan vəkil Zabil Qəhrəmanov polis tərəfindən saxlanıldı
Azərbaycanda daha bir vəkil həbs olundu
Dünən, oktyabrın 23-də vəkil Zabil Qəhrəmanov Gəncədə saxlanıb. Bu barədə məlumatları onun yaxınları da AzadlıqRadiosuna təsdiqləyiblər.
Z.Qəhrəmanovu Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb.
Vəkili Səadət Seyidli AzadlıqRadiosuna bildirib ki, Z.Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq – ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində dindirilib.
Z.Qəhrəmanov Göygöl rayonu ərazisində avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edib ona xəsarət yetirməkdə ittiham olunur.
“Zabil Qəhrəmanov qətiyyən özünü təqsirli bilmir. Eyni zamanda, həm özü, həm də vəkili olaraq, biz istintaqın Gəncə şəhər Baş Polis İdarəsində aparılmasına etiraz etdik. Bununla əlaqədar prokurora etiraz yazmışıq. İstintaqın aparılmasında ərazi aidiyyətinə əməl olunmalıdır”, – vəkil əlavə edib.
Gəncədəki 1 saylı Vəkil Bürosunun vəkili Zabil Qəhrəmanovun fəaliyyəti dayandırılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 8-də bu barədə qərar qəbul edib.
Qərara əsasən, Z.Qəhrəmanov altı ay vəkil kimi fəaliyyət göstərə bilməyəcək.
Vəkillər Kollegiyası oktyabrın 8-də Rəyasət Heyətinin iclasının keçirilməsi və orada bir sıra qərarların qəbulu barədə məlumat yaymışdı. Orada bildirilirdi ki, “intizam pozuntusuna yol verdiyinə görə iki vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, dörd vəkilə xəbərdarlıq edilib, bir vəkilə isə töhmət verilib”.
Lakin Vəkillər Kollegiyası cəzalandırılan vəkillərin kimliyini açıqlamamışdı.
Z.Qəhrəmanovla yanaşı, fəaliyyəti dayandırılan digər vəkil Ramil Rüstəmovdur.
Z.Qəhrəmanov Gəncədə polislərin fəaliyyəti barədə sosial mediada yazdıqlarına görə cəzalandırılıb.
