Analiz

Daha iki AXCP üzvünün 30 sutka həbs edildiyi deyilir

Dünən, noyabrın 6-dan müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) Nərimanov rayon şöbəsinin üzvü Vəlisan Həsənov və Nizami rayon şöbəsinin təşkilati işlər üzrə sədr müavini Fərid Quliyevlə əlaqə saxlamağın mümkün olmadığı bildirilir.

Bu gün məlum olub ki, hər iki şəxs də inzibati olaraq 30 sutka həbs olunub. Hər iki şəxs son vaxtlar şəxsi avtomobilləri ilə AXCP sədrini tədbirlərə aparırmışlar.

AXCP-dən vurğulandığına görə, Əli Kərimliyə şəxsi avtomobilləri ilə ictimai əsaslarla sürücülük edən şəxslərdən biri cinayət məsuliyyətinə cəlb edildiyindən, digərinin isə maşınına həbs qoyulduğundan onu bəzi fəallar tədbirlərə aparıb-gətirməyi könüllü öz öhdələrinə götürüblər.

Ə.Kərimli də bir müddət öncə demişdi ki, ona ictimai əsaslarla sürücülük və mühafizəçilik edən 10 civarında şəxs bu il əsassız yerə həbs edilib.

Bu məlumatlara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir