AXCP-nin daha iki üzvünə həbs cəzası verildi
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki üzvü saxlanılıb. Bu barədə AXCP-dən məlumat veriblər.
Partiyadan bildirildiyinə görə, Quba rayon şöbəsinin fəalı Elmar Fərzəliyevi dünən, fevralın 2-də polis saxlayıb. “Elmar Fərzəliyevin narkotiklə şərlənməsi haqqında xəbər var”, – partiyadan qeyd edilib.
Məlumatı Daxili İşlər Nazirliyi və başqa cavabdeh rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının digər fəalı Orxan Baxış isə Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs edilib. Orxan Baxış 2 fevral tarixində saxlanılıb. Lakin ondan xəbər almaq mümkün olmayıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələblərinə tabe olmamaq) və 510 (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilinib.
Orxan Baxış siyasi fəaliyyətinə görə 2018-ci ildə həbs edilib. Beynəlxalq insan hüquqları təşkilatları Orxan Baxışı siyasi məhbus elan edib. 2021-ci ildə əfv fərmanı ilə azadlığa çıxan Orxan Baxış 2023-cü ilin fevral ayında 30, oktyabr ayında isə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
