Astarada yeniyetmə qız toydan sonra öldü
Astarada 17 yaşlı gənc qız toyundan bir gün sonra ölüb.
Məlumata görə, 2008-ci il təvəllüdlü Ə.İ.-nin dünən Deqədi kəndində toyu olub. Gənc qız mərasimdən sonra özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumatlara görə, yeniyetmənin hamilə olduğu bildirilir.
Hadisə ilə bağlı Astara Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Gəlinin 18 yaşı gələn il yanvarında tamam olacaqmış. Bəyin isə 20 yaşı var. Onların ailələri xırda təsərrüfatla məşğul olub, istixanalarda çalışıblar. Gənclər də bu yolla bir-birləri ilə tanış olub.
Hadisədən ilk qızın anası xəbər tutub və məlum olub ki, o, artıq 7 aylıq hamilədir. Məsələni ört-bas etmək üçün Astarada yerləşən restoranlardan birində günorta saat 1 radələrində toy keçiriblər. Təxminən 1 saat sonra gəlinin halı pisləşib və xəstəxanaya çatdırılıb.
Məlumata görə, onun bədənində dölün ölməsi ilə qanına zəhərlənmə keçib və qız vəfat edib.
