Tramp fikrini dəyişib: “Müharibə uzun davam edəcək, Ukrayna ərazilərini geri qaytarmalıdır”
Tramp Ukrayna barədə fikrini dəyişib
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində görüş keçiriblər.
Tramp görüş öncəsi çıxışında Ukraynanın “böyük Rusiya ordusunu dayandırmaqda əla iş gördüyünü” bildirib. O qeyd edib ki, Moskva müharibənin tez bitəcəyini gözləyirdi, lakin hazırda Rusiya tərəfinin əldə etdiyi nəticələr “heç də təsirli görünmür”. ABŞ liderinin sözlərinə görə, müharibə hələ uzun müddət davam edəcək.
Putinə hələ də etibar edib-etmədiyi ilə bağlı suala Tramp bir ay sonra cavab verəcəyini deyib. NATO hava məkanını pozan Rusiya təyyarələri və dronlarını Avropanın vurub-vurmaması ilə bağlı suala isə müsbət cavab verib. Tramp əlavə edib ki, Macarıstanın Baş naziri Viktor Orban rus enerji resurslarından imtina edə bilər, bu məsələni onunla müzakirə etdiyini də vurğulayıb.
ABŞ prezidenti həmçinin Rusiya iqtisadiyyatının “dəhşətli vəziyyətdə” olduğunu bildirib. Vaşinqtonun Ukraynaya Avropa İttifaqının təklif etdiyi kimi təhlükəsizlik zəmanəti verib-verməyəcəyi barədə suala isə “Bunu danışacağıq, amma indi cavab vermək tezdir” deyə cavab verib.
Zelenski isə çıxışında son bir ayda Ukraynanın 360 kvadrat kilometr ərazini azad etdiyini və minlərlə Rusiya hərbçisinin mühasirəyə alındığını bildirib. Onun sözlərinə görə, həmin hərbçilər əsir götürülən ukraynalılarla dəyişdiriləcək. Ukrayna lideri həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə ümid etdiyini vurğulayıb. Zelenski bu məsələni Slovakiyanın Baş naziri Robert Fitso ilə də müzakirə etdiyini açıqlayıb və alternativ yollar tapılacağı halda Avropanın bu addıma razı olacağını bildirib.
Görüşdən sonra Tramp “Truth Social” hesabında yazıb ki, Avropa İttifaqının dəstəyi ilə Ukrayna “öz ilkin ərazilərinin hamısını, hətta daha artığını geri qaytara bilər”:
“Putin və Rusiya böyük iqtisadi problemlərlə üz-üzədir. İndi Ukraynanın hərəkətə keçməsi üçün ən münasib zamandır. NATO silah verməyə davam edəcək, ondan necə istifadə olunacağına isə NATO özü qərar verəcək” – deyə Tramp əlavə edib.
