ÖlkəSiyasət

AXCP Səbail rayon şöbəsinin sədrinin saxlanıldığı deyilir

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Səbail rayon şöbəsinin sədri Ceyhun Novruzovun Bakıda 8-ci polis bölməsinə aparıldığı bildirilir.

Bu barədə martın 13-ü, günün ikinci yarısı AXCP-dən məlumat yayılıb.

“Telefonla bildirib ki, onu yaxın saatlarda məhkəməyə çıxaracaqlar. Hələlik saxlanmanın səbəbi bilinmir”, – partiyadan qeyd edilib.

AXCP-nin açıqlamasına Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb.

Bundan əvvəl, 2024-cü ilin dekabrında C.Novruzov İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə təqsirləndirilərək 10 sutka həbs cəzası almışdı. O, həmin vaxt ittihamı qəbul etməmişdi.

Xatırlatma

Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir