Şəmşad Ağa həbsxanadan şeir yazdı: Dəlilik zənciri
Bu günlərdə saytımızın həbsdə olan baş redaktoru Şəmşad Ağa Bakı İstintaq Təcridxanasında şeir yazıb və onu redaksiyamıza göndərib.
Şəmşad Ağa fevralın 5-dən “Meydan TV işi” üzrə saxlanılıb və hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı kimi tanınan) həbsdədir. O, qaçaqmalçılıq maddəsi ilə ittihamı rədd edir və məhkəmə proseslərini siyasi motivli sayır.
Şəmşad Ağanın yazdığı şeiri sizə təqdim edirik:
Zalımın qorxuda bilməz məni heç tədbiri,
Qətlimə dursa da, amadə onun şəmşiri.
Gör həqiqət sorağıyla nə uzun yol gəldim,
İlləri arxada qoydu zamanın kəfkiri.
Dövrün mənzərəsin çəkməyə söz acizdi,
Cövrün yoxdu ki, nəqqaşı verə təsviri…
Aşiqə hər nə cəfa gəlsə, vəfadandır, bil
Aşıq haqqı əhlidir, haqqdandır onun təqdiri.
Künci-viranədə də rahat olur eşq əhli,
Necə ki, qəm dolu səhradı onun təhriri.
Mənə məhbəs də biyabandı, Ağa, qollarıma,
Zalimin vurduğu qandal dəlilik zənciri…
12.12.2025
Şəmşad Ağa
