“O gecə iki qərib vardı səni özləyən; şəhərin bu başında mən, kəndin o başında tənha, adamsız evimiz”
Şəmşad Ağadan qardaşı qızına şeir
Bu günlərdə saytımızın həbsdə olan baş redaktoru Şəmşad Ağanın ailəsi ağır sınaqla üzləşib: qardaşı qızı Səma Ağalı xərçənglə mübarizəni uduzaraq vəfat edib. Jurnalistin yaxınları bundan əvvəl qızın leykoz diaqnozu ilə təcili müalicəyə ehtiyacı olduğunu açıqlamışdılar.
O yaxınının vəfatı ilə bağlı saxlanıldığı təcridxanadan şeir göndərib.
Şəmşad Ağa fevralın 5-dən “Meydan TV işi” üzrə saxlanılıb və hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı kimi tanınan) həbsdədir. O, qaçaqmalçılıq maddəsi ilə ittihamı rədd edir və məhkəmə proseslərini siyasi motivli sayır.
“AYB SSRİ vaxtı daha lazımi qurum idi” – gənc ədəbiyyatşünas belə düşünür
Gənc ədəbiyyatçı ilə müsahibə: “Azərbaycan ədəbiyyatı lakeyliklə məşğuldur”
Şəmşad Ağanın yazdığı şeiri sizə təqdim edirik
dünən axşam
qəfil əsdi
dəli bir külək.
qırıldı, çilik-çilik oldu
töküldü içimə
bütün arzular…
xəyalım dağıldı
kənddən şəhərəcən,
doğradı içimi
soyuq bir ağrı səhərəcən…
qarışmışdı bir-birinə
yuxular,
bir anlıq donub
buza dönmüşdü sular.
küləyin yalquzaq ulartısından
ürküb analarına
qısılıbmış quzular…
amma mən xəbərsizdim
balaca bir kamerada
bu qəfil gedişdən…
qırılıb içimə tökülmüşdü
telefon naqilləri…
o gecə iki qərib vardı
səni özləyən;
şəhərin bu başında mən,
kəndin o başında
tənha, adamsız evimiz…
sən bizdən çıxıb gedən gün,
əziz balam.
Şəmşad Ağadan qardaşı qızına şeir
