Maliyyə Nazirliyi pensiya yaşının artırılmasını təklif edən hesabat hazırlayıb
Azərbaycan hökuməti pensiya yaşını artırmaq istəyir
Hesabatda əhalinin yaşlanması fonunda pensiya sisteminin dayanıqlığına dair risklər vurğulanıb
Maliyyə Nazirliyinin hazırladığı “2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdiriləcəyi bildirilib.
Sənəddə qeyd olunur ki, hazırda əhalinin 69,7 faizi əmək qabiliyyətli yaşda, 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupundadır. Lakin növbəti onilliklərdə yaşlı əhalinin sayının artması pensiya sisteminin maliyyə yükünü artıracaq və sosial sığorta ödəyicilərinin sayının azalması ilə nəticələnə bilər.
Proqnozlara görə, 2050-ci ilə qədər 65 yaşdan yuxarı əhalinin xüsusi çəkisi 18,1 faizə çatacaq, əmək qabiliyyətli əhali isə ümumi strukturda 65,4 faizədək azalacaq. Eyni zamanda, gözlənilən ömür uzunluğunun artması pensiya ödənişlərinin müddətini uzadaraq Dövlət Sosial Müdafiə Fondunun maliyyə öhdəliklərini yüksəldəcək.
Nazirlik hesab edir ki, bu şəraitdə sığorta-pensiya sisteminin dayanıqlığını təmin etmək üçün islahatların davam etdirilməsi, eləcə də DSMF-nin sərbəst vəsaitlərinin investisiyalara yönəldilməsi vacibdir.
