ÖlkəSiyasət

“AbzasMedia”nın jurnalistləri Lənkərandakı cəzaçəkmə müəssisəsinə köçürülüblər

Sentyabrın 25-də “AbzasMedia”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova ilə Elnarə Qasımovanın Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürüldükləri bildirilir.

Bu barədə jurnalistlərin yaxınları məlumat verib. Onların sözlərinə görə, jurnalistlər Bakı İstintaq Təcridxanasından köçürülən zaman N.Absalamovaya kobudluq edilib.

Yaxınlarının bildirdiyinə görə, köçürülmə prosesi qəfil olub: “Səhər saat 9-da onlara deyiblər ki, bir saata hazır olun. Lənkərana çatana qədər hara aparıldıqlarını bilməyiblər”.

Habelə vurğulandığına görə, xanım jurnalistlər Bakıdan Lənkərana üç-dörd saatlıq məsafənin yaxınları ilə görüşlər üçün ciddi çətinlik yaratdığını bildirirlər.

Jurnalistin yaxınlarının bu açıqlamasına və orada səslənən iddialara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Paytaxt Bakıdan Lənkəran rayonuna olan məsafə 250-280 km-dir, bu məsafəni də qət etmək avtomobil ilə təqribən 3 saata başa gəlir.

Bundan bir neçə ay əvvəl (iyunun 26-da) “AbzasMedia işi” ilə bağlı həbs edilən digər jurnalistlər də Umbakı qəsəbəsində yerləşən təcridxanaya köçürülmüşdülər. Umbakı həbsxanası və ya rəsmi olaraq Umbakı Penitensiar Kompleksi Bakı şəhərinin mərkəzindən 70 kilometr aralı, Qaradağ rayonunda yerləşir. Həmin müəssisəyə köçürülən jurnalistlər bunu qanunsuz sayırdılar, müdafiə tərəfi vurğulayırdı ki, bu addım hökm qüvvəyə minməmiş atılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir